Bakıda COP29 çərçivəsində səfərdə olan, Yaşayış üçün yararlı şəhərlər Mərkəzinin (Davamlı İnkişaf və Ekologiya Nazirliyi) İcraçı direktoru cənab Hyu Limin və Milli İnkişaf Nazirliyinin Məsləhət qrupunun sədri professor xanım Çonq Kun Hinin başçılıq etdiyi Sinqapur nümayəndə heyəti Ağ Şəhəri ziyarət etdilər.
Bakı Ağ Şəhər layihəsi ərazisində keçirilən ekskursiya zaman qonaqlar şəhərin davamlı və sağlam inkişafı üçün nəzərdə tutulmuş və həyata keçirilmiş tədbirlər və təşəbbüslərlə maraqlandılar.
Ağ Şəhər layihəsi beynəlxalq mütəxəssislər tərəfindən ekoloji çağırışlara şəhər mühitinin uğurlu uyğunlaşması nümunəsi kimi qeyd edilib, mədəni irsin qorunması və innovativ texnologiyaların tətbiqi ilə şəhər ərazilərində karbon emissiyalarının effektiv şəkildə necə azaldılmasının mümkünlüyünü aydın nümayiş etdirir. Qonaqlar layihəni yüksək qiymətləndirərək, Azərbaycanın davamlı tikinti sahəsindəki təcrübəsini öyrənməyin vacibliyini vurğuladılar və yaşıl texnologiyaların yaşayış və kommersiya infrastrukturuna necə inteqrasiya oluna biləcəyini qeyd etdilər. Qonaqlara Bakı Ağ Şəhər layihəsinin 10 illiyinə nəşr olunmuş kitab hədiyyə edildi.
Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.