Sea Breeze və Bakı Ağ Şəhər layihələri arasında əməkdaşlığa dair saziş bu iki böyük layihənin səylərinin birləşdirilməsi üçün ən uyğun platforma olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində imzalanıb.
AzərTac xəbər verir ki, bu barədə WUF13 çərçivəsində Sea Breeze pavilyonunda jurnalistlərə açıqlamasında “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib.
"İlk növbədə, bu, çox uyğun bir platformadır, çünki iki ən böyük layihə səylərini birləşdirir və hər iki layihəni inkişaf etdirmək bizə asan olacaq, lakin burada rəqabət yoxdur, çünki konsepsiyalarımız fərqlidir və biz bir-birimizdən təxminən 20 kilometr məsafədə yerləşirik", - deyə E. Ağalarov bildirib.
Sahibkarın sözlərinə görə, əməkdaşlıq ideyası uzun müddətdir ki, Bakı Ağ Şəhər layihəsinin rəhbəri Ruslan Sadıxovla müzakirə olunurdu. Bakı Ağ Şəhərin təcrübəsi Sea Breeze layihəsində uğurla inteqrasiya oluna bilər, Sea Breeze-in inkişaf layihələri isə Bakı Ağ Şəhər çərçivəsində həyata keçirilə bilər.
"Biz birgə layihələri bundan sonra da həyata keçirəcəyik. Bu, bütün baş planın icra prosesini sürətləndirəcəkdir", - deyə “Agalarov Development” şirkətinin prezidenti vurğulayıb.
O, həmçinin xarici investorların cəlb edilməsində əməkdaşlığın vacibliyini qeyd edib. Onun sözlərinə görə, hər iki qurum öz layihələrinin daha çox tanınması və beynəlxalq investorların cəlb edilməsi istiqamətində böyük iş aparıblar.
"Əgər investor Sea Breeze-ə gəlib orada layihə həyata keçirərsə, biz onun üçün daha çox şəhər formatında - Bakı Ağ Şəhərdə digər imkanlar aça bilərik. Eynilə, bunu əks istiqamətdə də etmək mümkündür", - deyə E. Ağalarov qeyd edib.
Növbəti addımlar barədə danışarkən o, tezliklə yeni bir layihənin elan edilməsinin planlaşdırıldığını bildirib.
"Yeni bir kompleksin tikintisi elan ediləcək və bu layihəni Bakı Ağ Şəhər komandası bizim dəstəyimizlə Sea Breeze ərazisində həyata keçirəcək. Biz də öz növbəmizdə, hazırda Bakı Ağ Şəhərin baş planına inteqrasiya edilərək həyata keçirə biləcəyimiz layihə üzərində düşünürük", - deyə sahibkar əlavə edib.
Qalereya