Tikintisinə 2020-ci ildə başlanılmış Bakı Ağ Şəhər Ofis Binasının karbon riski üzrə qiymətləndirilməsi Carbon Risk Real Estate Monitor (CRREM) çərçivəsi əsasında aparılır. Qiymətləndirmə ekoloji dayanıqlılıq prinsiplərinə uyğun olaraq Almaniyanın TÜV SÜD təşkilatı tərəfindən həyata keçirilir.

İlkin nəticələr göstərir ki, biznes mərkəzi 2030-cu ilədək olan iqlim proqnozları çərçivəsində CRREM tələblərinə cavab verir. 2030-cu ildən sonrakı dövrdə də CRREM-in 1,5°C istiləşmə trayektoriyasına uyğunluğun davam etdirilməsi məqsədilə binanın damında günəş panelləri quraşdırılacaq.

Bakı Ağ Şəhərin ətraf mühitin mühafizəsi istiqamətində davamlı siyasəti çərçivəsində ofis binasının beynəlxalq BREEAM ekoloji sertifikatlaşdırma sistemi üzrə qiymətləndirilməsi başa çatdırılıb. 2014-cü ildə istifadəyə verilmiş ilk Bakı Ağ Şəhər Ofis Binası daha əvvəl BREEAM sertifikatına layiq görülüb.

Layihənin mühüm memarlıq obyektlərindən biri olan yeni ofis binası qlobal memarlıq, planlaşdırma və dizayn şirkəti CallisonRTKL və URAL Engineering Co Ltd mühəndislik şirkəti tərəfindən layihələndirilib.

Biznes mərkəzi Mərkəzi Bulvar küçəsində, fasiləsiz iki kilometrlik piyada promenadı boyunca yerləşir. Şimalda Babək prospekti və Qarabağ Atları meydanından başlayan marşrut Fəvvarələr meydanından keçir, 8 Noyabr prospektini əlamətdar piyada körpüsü vasitəsilə keçərək Ağ Şəhər Sahil Bulvarına çatır.

Biznes mərkəzində hər birinin yükgötürmə qabiliyyəti 1 600 kiloqram, tutumu 21 nəfər və hərəkət sürəti saniyədə 2,5 metr olan 10 lift iş yerlərinə rahat çıxışı təmin edəcək.

Biznes mərkəzi Mərkəzi Bulvar küçəsində, fasiləsiz iki kilometrlik piyada promenadı boyunca yerləşir. Şimalda Babək prospekti və Qarabağ Atları meydanından başlayan marşrut Fəvvarələr meydanından keçir, 8 Noyabr prospektini əlamətdar piyada körpüsü vasitəsilə keçərək Ağ Şəhər Sahil Bulvarına çatır.

Binanın şimal hissəsində hündürmərtəbəli binalarla əhatə olunmuş abadlaşdırılmış meydan layihələndirilib.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir.

Qalereya