Ağ Şəhərin simvollarından biri olan Bakı Ağ Şəhər Ofis Binası öz yubileyini qeyd edir.
Düz 10 il əvvəl Birtaniyanın “Atkins” şirkəti tərəfindən layihələndirilımiş bina istismara verilmişdir.
Bu gün də aktual olan müasir dizayn, perimetr boyunca balkonların və Bakı buxtasına heyranedici mənzərəsi olan terrasların olması, geniş abadlaşdırılmış ərazi, şəhərin istənilən istiqamətindən binaya rahat giriş, qonaqların avtomobilləri üçün dayanacaqlar biznes mərkəzinin üstünlüklərinin yalnız bir neçəsidir.
Rahat və eyni zamanda “yaşıl” biznes məkanı yaradılarkən bütün müasir standartlar, eləcə də Ağ Şəhərin inkişafının aparıcı istiqaməti olan davamlı ekoloji inkişafın aspektləri nəzərə alınmışdır.
İqlim tədqiqatlarının nəticəsi olaraq, daxili məkanı temperaturdan 39% və ultrabənövşəyi şüalardan 53% qoruyan fasadın şüşələnməsindən istifadə edilmişdir. Elektrik və su təchizatına qənaət etmək üçün xüsusi sensor avadanlığı quraşdırılıb; binanın öz qazanxanası sıfır karbon qazı emissiyasına malikdir; binadakı havalandırma sisteminə Daikin-in fərdi invertor VRV sistemləri, eləcə də bütün otaqları təmiz hava ilə fasiləsiz təmin edən havalandırma qurğuları daxildir; 250 avtomobil üçün yeraltı dayanacaq karbon qazı normadan artıq olduğu halda dərhal reaksiya verən CO2 sensorları ilə təchiz edilmişdir; binanın həm ictimai nəqliyyatdan, həm də velosipedlərdən və elektromobillərdən istifadə edən icarədarları üçün əlavə şərait yaradılmışdır; biznes mərkəzinin ətrafındakı ərazidə iqlimə uyğun və minimal suvarma tələb edən bitkilər əkilmişdir.
Bütün yuxarıda göstərilənlərin həyata keçirilməsi BRE Global (Böyük Britniya) beynalxalq sertifikatlaşdırma orqanı tərəfindən yüksək qiymətləndirilmişdir ki, bu da binanın BREEAM beynəlxalq ekoloji sertifikatı ilə təltif edilməsində öz əksini tapmışdır.
Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.