İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ağ Şəhəri ziyarət etdilər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda «Özbəkistan» parkının təntənəli təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birlikdə Özbəkistanın xəritəsi şəklində salınacaq parkın təməlinə rəmzi kapsul qoydular və beləliklə də bu layihənin tikintisinə start verdilər.
Yeni mədəni-əyləncə kompleksi Bakı şəhərinin nüfuzlu və sürətlə inkişaf edən Ağ Şəhərin bir hissəsi olacaq və 4.5 hektar sahədə yerləşəcək.
«Özbəkistan» parkı – mədəni-rekreasiya layihəsidir. Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokandın zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirən unikal bir mühit yaradılacaq. Burada həmçinin muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəxinin nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyə mağazaları, zoopark, otel fəaliyyət göstərəcək.
Layihənin ümumi dəyəri 80 milyon dollar qiymətləndirilir.
Layihənin hazırlanmasına Özbəkistanın aparıcı memarlıq qrupları cəlb olunub, daxili kommunikasiyalar isə Qold-Kosta-da Warner Bros.Movie World layihəsi ilə tanınan Avstraliyanın Sanderson Group şirkəti tərəfindən layihələndirilir. Layihənin adaptasiyasını Azərbaycan memarları həyata keçirəcək. Layihə Özbəkistanın mədəniyyətini, adət və ənənələrini əks etdirəcək. Kompleksin tikintisi və tərtibatında Özbəkistan milli memarlığının elementləri və motivləri, ölkənin məşhur memarlıq abidələrinin surətləri istifadə olunacaq. Oxşar park "Azərbaycan" adı altında Daşkənddə inşa ediləcək. Bu parklar iki dövlətin əsl güzgüsü və iki xalq arasındakı dostluq və qarşılıqlı hörmət rəmzi olacaq.
Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Qalereya






