Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Ağ Şəhəri ziyarət etmişdir.
Ziyarət zamanı hörmətli qonağa Ağ Şəhərin tarixi və özəllikləri barədə - mədəni irsi qoruyub saxlamaqla bərabər innovativ texnologiyaları tətbiq etməklə şəhərsalmada karbon emissiyalarının səmərəli şəkildə necə azaldıldığı, Bakının sənaye mərkəzi olmuş, neft və his iyinin hopduğu Qara şəhər adlanan ərazidə yeni görkəmin necə yaradıldığı barədə ətraflı məlumat verilib.
Qeyd edildi ki, layihənin ayrı-ayrı binaları Dubay, Kann və Honq-Konqda beynəlxalq sərgilərdə nominasiya olunmuşdur. Bütün layihə isə hər il Kannda keçirilən ən nüfuzlu beynəlxalq sərgidə - MIPIM 2011-də "Gələcəyin layihəsi" nominasiyasında təqdim olunmuşdur. Bundan əlavə, Ağ Şəhər layihəsi Londonda World jurnalı tərəfindən WAN Awards 2010 nüfuzlu memarlıq mükafatına namizəd olmuşdur.
Ağ Şəhərlə tanışlıqdan sonra Şimali Makedoniyanın Prezidenti yaşayış üçün yaradılmış əlverişli şəhər mühitini və layihənin orijinal memarlığını yüksək qiymətləndirib.
Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Gallery





