Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən ilin ən uğurlu memarlıq layihələrini mükafatlandırıb. İlk dəfə ən yaxşı memarların mükafatlandırma mərasimi 2023-cü ildə baş tutub və o vaxtdan etibarən hər il ən yaxşı memarlıq layihələri “Təməl” mükafatı ilə təltif olunur. Təşəbbüsün məqsədi il ərzində seçilmiş müəlliflərin (memarların) yaradıcı layihələrinin müvafiq peşəkarlıq meyarlarına əsasən qiymətləndirilməsi, memarlıq sənətinin inkişaf etdirilməsi və bununla da, yaşayış məntəqələrində şəhərsalma mühitinin və həyat keyfiyyətinin daha da yaxşılaşdırılmasına təkan verməkdir.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, münsiflər heyətinin sədri, əməkdar memar İlqar İsbatov və münsiflər heyətinin üzvü, əməkdar memar Nəriman İmaməliyev çıxış ediblər.
Sonra qaliblərə “Təmal” mükafatı, bir sıra seçilmiş layihələrin müəlliflərinə isə müvafiq diplomlar təqdim edilib. Ötən il 6 nominasiya üzrə ərsəyə gəlmiş ümumilikdə 93 layihədən 13-ü təltif edilib.
“İctimai binaların memarlığı” nominasiyası üzrə Bakı Ağ Şəhər Biznes Mərkəzinin layihəsi (müəllif: CallisonRTKL, ADEC) diploma layiq görülüb.
“Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları” nominasiyası üzrə “Təməl” mükafatı Bakı Ağ Şəhər piyada körpüsünün layihəsinə (müəlliflər: UNStudio, ADEC) verilib.
Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Gallery




















