Belarus Respublikasının Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev Azərbaycana işgüzar səfəri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə birlikdə Ağ Şəhərə səfər edib. 


Qonaqları Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov qarşılayıb. Cənab Sadıxov qonaqlara dünyanın ən böyük ekoloji şəhərsalma layihələrindən biri haqqında, görülmüş işlər və qarşıda duran işlər barədə məlumat verib. 


O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində həyata keçirilən Ağ Şəhər layihəsi artıq dünyada tanınıb. 


Dünyanın aparıcı memarlıq şirkətlərinin yerli mütəxəssislərlə birgə yaratdığı bu layihə qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi çoxsaylı beynəlxalq sərgilərdə müxtəlif mükafatlara layiq görülüb. 


Layihənin yüksək statusu və ölkə üçün əhəmiyyəti ətraf mühitin mühafizəsi problemlərinə xüsusi diqqət yetirməyə məcbur edir. Məhz bu baxımdan, “Bakı Ağ Şəhər Ofis Binası 2020” biznes mərkəzinin binası resursların diqqətlə istifadəsinə kompleks elmi yanaşma və binaların enerji səmərəliliyinin qiymətləndirilməsinin ən yaxşı beynəlxalq təcrübələrinə uyğunluğu ilə seçilən BREEAM beynəlxalq ekoloji standartına uyğun sertifikatlaşdırılmışdır. Bu biznes mərkəzinin layihələndirilməsinin ilkin mərhələsində “yaşıl” binaya olan tələblər nəzərə alındığından, COP29-un baş ofisinin “Bakı Ağ Şəhər Ofis Binası 2020” biznes mərkəzinin binasında yerləşdirilməsi qərara alınıb. 


Ağ Şəhərlə tanışlıqdan sonra cənab Kuxarev Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən belə irimiqyaslı layihəni yüksək qiymətləndirmiş və nəzərdə tutulan planların inkişafında və təkmilləşdirilməsində gələcək uğurlar arzulamışdır.
 

Gallery