Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgidə iştirak edən Bakı Ağ Şəhər pavilyonu ilə tanış olublar.
Bu pavilyon maraq göstərilən stendlər sırasındadır. Bu, Bakı Ağ Şəhər layihəsinin 2011-ci ildə “Oil and Gas” sərgisindən sonra Azərbaycanda iştirak etdiyi ikinci sərgidir. Ağ Şəhərin 10 rayonundan 8-i tamamilə təmizlənərək, şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilib. Beş il ərzində buradan 700 min kubmetr çirkli torpaq daşınaraq, ərazi tamamilə təmizlənib. “Fransız məhəlləsi” adı ilə tanınmış “Yaşıl Ada” rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır. “Yaşıl Ada”da layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmaq üzrədir. Rayonun eksklüziv yaşayış kompleksi sayılan “Knightsbridge Residence”in tikintisinə də start verilib. Beş yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub.
Bu, son illərdə Bakıda şəhərsalma ilə bağlı həyata keçirilən ən mühüm və genişmiqyaslı layihədir. Layihənin reallaşdırılması nəticəsində dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının siması daha da müasirləşəcək.
Qalereya



