Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” — Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisini ziyarət ediblər.

“PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 47 yerli və 14 xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edir.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Sərginin keçirilməsi daşınmaz əmlak, memarlıq və tikinti sahələrinin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti vurğulayır. Sərgi mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və ya daşınmaz əmlaka investisiya yatırmaq istəyən şəxsləri, eləcə də böyük investorları, şirkət nümayəndələrini və sahə mütəxəssislərini bir araya gətirir. Burada əmlak bazarının iştirakçıları təcrübə mübadiləsi apara və əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər.

Bakı Ağ Şəhər layihəsi dünyada müasir şəhərsalmanın ən parlaq nümunələrindən biridir. Layihənin icrasına 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə başlanılıb. Layihə ekoloji təmizlik, dayanıqlı inkişaf və “ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb. Burada ən müasir şəhərsalma həlləri tətbiq olunub. Əvvəllər “Qara şəhər” kimi tanınan bu ərazi 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə burada dünya təcrübəsində nadir rast gəlinən ekoloji layihə həyata keçirilib və müasir yaşayış rayonu yaradılıb. MDB ölkələri arasında ilk dəfə olaraq yaşayış binaları BREEAM beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM-in karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş küçələri, yaşıllıq sahələri və dünyanın müxtəlif ölkələrindən olan müasir heykəltaraşların əsərləri sayəsində Bakı Ağ Şəhər paytaxtın işləmək, yaşamaq və istirahət etmək üçün ən müasir məkanlarından birinə çevrilib.

Bakı Ağ Şəhər in inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə yeni muzey binasının konsepsiyası hazırlanıb. Muzey Azərbaycanın neft sənayesinin zəngin tarixinə və onun dünya energetika sektorundakı aparıcı roluna həsr olunacaq. Ekspozisiya keçmişdə ekoloji fəlakətlə üz-üzə qalan “Qara şəhər”in müasir və dayanıqlı Bakı Ağ Şəhər şəhər məkanına çevrilməsindən bəhs edəcək. Binada sərgi zalı, kitabxana, ofis otaqları, restoran və kafelər nəzərdə tutulub. Layihə çərçivəsində şəhərə və sahilə mənzərəsi olan 90 metrlik müşahidə qülləsinin inşası da planlaşdırılır.

Bakı Ağ Şəhər in əsas rəmzlərindən biri olan “Gilavar” kompleksi ictimai məkanları, əyləncə obyektlərini, iaşə müəssisələrini, yaxta klublarını və təxminən 185 metr hündürlüyündə 49 mərtəbəli yaşayış binasını birləşdirir.

Kompleksin layihəsi ADEC şirkəti tərəfindən “Bürc-Xəlifə” göydələninin layihə müəllifi və hündürmərtəbəli binaların layihələndirilməsi sahəsində dünya liderlərindən biri olan Amerikanın SOM memarlıq bürosu ilə birgə hazırlanıb.

Bakı Ağ Şəhər həmçinin incəsənət və mədəniyyət həvəskarlarının sevimli məkanlarından birinə çevrilib. Dünyanın tanınmış heykəltaraşları öz əsərlərinin burada quraşdırılmasına maraq göstərirlər. Burada artıq nümayiş olunan əsərlər arasında amerikalı heykəltaraş Robert Sammersin “Qarabağ atları” heykəltaraşlıq kompleksi, rəssam Konstantin Krik tərəfindən məhz Bakı Ağ Şəhər üçün hazırlanmış və Zaman meydanında quraşdırılmış yeddi saatdan ibarət “Seven Public Clocks” kompozisiyası, Cozef Klibanskinin “Buludların üstündə” adlı bürünc kompozisiyası və britaniyalı heykəltaraş Saymon Qadcenin “Nur axtarışında” heykəli yer alır.

Qalereya