Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair  2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən  Bakı Ağ Şəhər layihəsi irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi  dünyada tanınmışdır.

Təməli  Möhtərəm Cənab Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva tərəfindən 24 dekabr 2011-ci ildə qoyulmuş Bakı Ağ Şəhər layihəsi aparılmış irimiqyaslı tədbirlər nəticəsində Bakını ekoloji cəhətdən ən çirklənmiş ərazisindən onun müasir mərkəzinə çevrilməkdədir.

150 ildən çox neft sənayesinin fəaliyyətindən çirklənərək ekoloji fəlakətə çevrilmiş Qara şəhər kimi tanınan bu ərazi bu gün Bakı sakinlərinin və şəhər qonaqlarının sevimli yaşayış və istirahət zonasına çevrilməkdədir.

Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi bu yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə mükafatlara layiq görülmüşdür.

Mərhələli şəkildə inşası həyata keçirilən Bakı Ağ Şəhərin Mərkəzi Park Rayonunda hazırda bir sıra binaların, ictimai yerlərin tikintisi başa çatmış, infrastruktur işləri həyata keçirilmişdir.

Müxtəlif enli və uzunluqlu küçələrin tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər başa çatdırılıb. Layihələndirmə işləri zamanı Bakı Ağ Şəhərdə inşası nəzərdə tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya hazırlanmışdır.

Tamamlama işləri çərçivəsində əlil arabaları üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu dayaqlar tikilib, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” xidməti tərəfindən videomüşahidə kameraları, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeraltı kommunikasiyalar, “Delta Telecom” MMC tərəfindən İT kanal sistemləri çəkilmişdir.

Mərkəzi Park Rayonu, 2017-ci ildə istifadəyə verilmiş Paris evlərindən əlavə, 36, 20 və 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca iki mərtəbəli qeyri-yaşayış binalarından, ticarət və iaşə obyektlərindən, orta məktəbdən, ofis və inzibati binalardan ibarətdir.

Layihələndirmə zamanı Ağ Şəhərin Mərkəzi Park Rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar - parklar və xiyabanlar nəzərdə tutulmuşdur. Onların arasında Dağdağan bağı da var.

Dağdağan (Celtis) ağacı Azərbaycanın simvollarından biridir, vətəni Qarabağdır. Prezident İlham Əliyev 2021-ci ilin mayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Ağdam şəhərində dağdağan ağacı əkmişdir.

Dağdağan ağacları Ağ Şəhərə Qarabağdan gətirilmişdir.

Son illər Bakı Ağ Şəhər layihəsi bir sıra yerli və beynəlxalq icnəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilmişdir.

Layihənin mərkəzi küçələrindən olan Bulvar küçəsinin inşası əsasən tamamlanmış və hazırda burada yerli və xarici rəssamların incəsənət əsərləri quraşdırılmışdır.

Heykəltəraş Enrike Kabreranın “La Gran Manzana” (“Böyük alma”) əsəri onun ən mühüm sənət layihələrindən biridir. Nyu-Yorkda quraşdırılmış “Böyük alma” bu şəhərin rəmzini təcəssüm etdirir və onun sakinləri və qonaqları arasında çox məşhurdur. “La Gran Manzana”nın dünyada ikinci nüsxəsi Bakı Ağ Şəhərdə sərgilənmişdir.

Azərbaycan MAAS incəsənət qurumunun müasir poliqonal üslubda hazaırlanmış  “Əjdaha” heykəli cari 2024-cü ilin rəmzinə həsr olunub. Şərq təqviminə görə  2024-cü ilin rəmzi əjdahadır. Heykəlin hündürlüyü 4,2 metrdir.

Cozef Klibanskinin “Mütəfəkkir” əsəri müasir insanın texnoloji  inkişaf dövrü, ekoloji problemlər və qlobal istiləşmə problemlərindən yaranan  həyəcanlarını əks etdirir. Bürüncdən hazırlanmış heykəl artıq bütün dünyada sənətsevərlərin rəğbətini qazanmışdır.  Cozef Klibanski 2014-cü ildə Bakının zəngin memarlığından, qədimlik və müasirliyin sintezindən ilhamlanaraq Azərbaycanın paytaxtının gözəlliyini tərənnüm edən “Gözəl Bakı” əsərini yaradıb.

Ərazidə yerləşdirilmiş Qarabağ atı heykəli Qarabağ Atları Meydanında yerləşəcək “Qarabğ Atları” monumenti kompleksindəki 7 atdan biridir.

Yeddi Qarabağ atından ibarət kompleksin amerikalı heykəltaraş Robert Sammers tərəfindən həyata keçirilir. Heykəltaraş Dallas şəhərində yerləşən “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri ilə dünyada məşhurdur.

Qarabağ atları Azərbaycanın rəmzlərindən biridir. Zərif, azadsevər, möhkəm atlar ölkənin ənənələrə sadiqliyinin, eləcə də daim irəliləyişinin təcəssümüdür.

“Qarabağ Atları” monument kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki zəfərinə həsr edilmişdir.

“Qarabağ Atları” monument kompleksinin təməli Dövlət Başçısı tərəfindən 2022-ci ilin dekabrında Ağ Şəhərdə qoyulmuşdur.

Tikintisi başa çatan Bakı Ağ Şəhərin ləndmark binalarından olan 12 mərtəbəli “Ağ Şəhər 2020 Biznes Mərkəzi”-nin inşası  2020-ci ildə başalnmışdır və Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub.

Biznes mərkəzi Mərkəzi Bulvar küçəsində - şimalda Babək prospekti və Qarabağ Atları Meydanından başlayaraq, Fəvvarələr Meydanından keçərək, 8 Noyabr prospekti üzərindəki gözoxşayan piyada körpüsü ilə dənizkənarı Ağ Şəhər bulvarına gedən piyadalar üçün iki kilometrlik maneəsiz gəzinti yolunda yerləşir.

Bina ətraf mühitin mühafizəsi siyasətinə tam uyğundur. Biznes mərkəzi BREEAM beynəlxalq ekoloji sertifikatlaşdırma təşkilatından sertifikat alıb. Bu, artıq 2014-cü ildə istifadəyə verilmiş Bakı Ağ Şəhər ofis binasından sonra BREEAM ekoloji sertifikatı alan 2-ci binadır.

“2020” biznes mərkəzinin binası Carbon Risk Real Estate Monitor (CRREM) sistemindən istifadə etməklə daşınmaz əmlakın karbon risklərinin qiymətləndirilməsi prosedurundan müsbət nəticələrlə keçib. Ekoloji davamlılıq prinsiplərinə uyğun olaraq, bu qiymətləndirmə Almaniyanın TÜV SÜD təşkilatı tərəfindən aparılmışdır.

Bu, binanın yaşıl bina standartlarına uyğunluğunu təsdiq edir.

Biznes mərkəzi 2030-cu ilə qədər iqlim proqnozları üzrə CRREM tələblərinə uyğundur. Binanın 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə artması proqnozu ilə əlaqədar CRREM tələblərinə uyğun olmasını təmin etmək məqsədilə binanın damında günəş panellərinin quraşdırılması nəzərdə tutulmuşdur.

Binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılmışdır.

Biznes Mərkəzində 150 ​​ofis yerləşir.  Biznes nümayəndələri fərdi soyutma sistemi, təbii havalandırma, mərkəzi istilik sistemi, eyvanları, 386 yeraltı və 62 yerüstü dayanacaqları olan 3 metr hündürlüyündə ofislərdən, parkinq yerləri üçün təbii işıqlandırma, elektrik avtomobillərinin qidalanması üçün yerlərdən, velosipedlər üçün pulsuz parkinq və sair bu kimi üstünlüklərdən istifadə edə biləcəklər.

Binada informasiya texnologiyalarından dayanıqlı istifadə məqsədilə Data Center yaradılmışdır. Bununla da, əməkdaşların etibarlı e-mail, İP telefoniya, simsiz şəbəkə, audio-video telekonfrans, İPTV, videomüşahidə sistemlərindən etibarlı istifadəsi təmin edilmişdir.

Binanın texniki idarəçiliyi mərkəzləşdirilmiş müasir BMS proqramı vasitəsilə həyata keçirilir.

Biznes mərkəzinin girişi bina üçün xüsusi olaraq yaradılmış bürünc medalyonla bəzədilmişdir.

Binanın 1-ci mərtəbəsində iaşə obyektləri üçün sahələr ayrılmışdır.

Eyni zamanda, 24 saat ərzində piyadaların rahat keçidi üçün açıq olan geniş yaraşıqlı hollda Qara şəhərin Ağ şəhərə çevrilməsini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.

Foyedə, həmçinin dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir binaların maketləri təqdim olunmuşdur.

Yeni binaların layihələndirilməsi işləri zamanı Ağ Şəhərin ekoloji ənənələrinə və dünyanın müasir ekoloji tələblərinə uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə və beynəlxalq  BREAM, LEED setifikatlarına uyğunlaşdırılmasının geniş istifadəsi məqsəd kimi qoyulmuşdur.

2020 biznes mərkəzinin ətrafında yerli iqlimə uyğunlaşdırılmış müxtəlif  ağaclardan ibarət olan yaşıl parkinq və istirahət üçün ictimai məkan yaradılmışdır.  

Yaşıllıqlar arasında yaşı min ildən çox olan unikal zeytun ağacı yerləşdirilmişdir.

Binanın 8-ci mərtəbəsi xüsusi dizaynla təmir edilmiş və burada əməkdaşlar üçün rahat iş məkanları yaradılmışıdır.

Burada Ağ Şəhərdə görüləcək işlər və ekoloji tədbirlər haqqında stendlər quraşdırılmışdır.

Burada Qarabağ atlarının dünyada təbliği məqsədilə İspaniyanın tanınmış “Lladro” şirkəti tərəfindən hazırlanmış Qarabağ atının farfordan stolüstü heykəli təqdim olunmuşdur. Azərbaycanın milli simvollarından olan Qarabağ atlarının heykəlini yaratmaq məqsədilə şirkətin mütəxəssisləri Azərbaycanın müxtəlif bölgələrinə səfər etmiş, cins atların yetişdrilməsində ixtisaslaşmış mütəxəssislərlə, Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri ilə məsləhətləşmələr aparmışlar.

Qədim ənənələrə görə atların üzərinə özünəməxsus naxışları ilə məşhur olan Qarabağ xalıları salınırmış.

Bu naxışların unikallığının heykəldə dəqiqliklə əks etdirilməsində “Azərxalça” ASC-nin mütəxəssisləri yardımçı olmuşlar.

Atın üzərindəki yəhər güllü qızılı naxışlarla işlənmişdir. Yüyən və üzəngilər  zərli misdən, cilovlar isə təbii dəridən hazırlanmışıdır.

Qarabağ atının farfor heykəli məhdud kolleksiyadır və şirkətin 100-dən çox ölkəsində olan geniş şəbəkəsi vasitəsilə satışa çıxarılacaqdır.

Bakı Ağ Şəhərin layihələndirilməsində Azərbaycan mütəxəssisləri ilə yanaşı, dünyanın bir sıra aparıcı mühəndis və memarlıq şirkətləri, o cümlədən, məşhur Atkins şirkəti, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının “F+A Architects” arxitektura bürosu, UNStudio, CallisonRTKL, Gensler və bir sıra digər şirkətlər cəlb edilmişdir.

Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.

Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə həyata keçirilən   Bakı Ağ Şəhər layihəsi həm uğurlu, həm də irimiqyaslı ekoloji layihə kimi bütün dünyada tanınır və burada görülən işlər Bakı şəhərinin sakinləri tərəfindən böyük etimadla qarşılanır.

Qalereya