Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetmə fakültəsinin 3-cü kurs tələbələri Ağ Şəhərə səfər ediblər.
Tələbələrə layihənin tarixi, ərazinin Qara şəhərdən Ağ Şəhərə çevrilməsi prosesi və inşa edilmiş binalar haqqında məlumat verilmişdir. Təqdim edilmiş məlumatları əyani görmək üçün tələbələr Ağ Şəhər ərazisində gəzintiyə çıxmışdılar.
Gəzinti zamanı tələbələr COP29-un baş qərargahının yerləşdiyi Bakı Ağ Şəhər Biznes Mərkəzi 2020 və yaxınlıqda yerləşən Qarabağ Atı (Robert Sammers), Mütəfəkkir (Cozef Klibanski), Əjdaha (MAAS), “La Gran Manzana” (Enrique Cabrera) heykəlləri ilə tanış olublar. Həmçinin Neft Meydanında bərpa edilmiş, ilk dəfə Bakıda 1863-cü ildə istifadəyə verilmiş qoşa kerosin emalı konstruksiyalarına və içməli su paylanması köşkünə baxıb, oradan Nizami parkına, sonra isə Fəvvarələr Meydanı parkına keçərək, orada 8 Noyabr prospekti üzərindən piyada körpüsünün inşaat prosesinə baxıblar.