Bakıda Prezident İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) keçirilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunmuş forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantının və investisiya sabitliyinin dayağı kimi” mövzusu altında keçirilib. Tədbirdə dünyanın aparıcı investorları, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələri, biznes liderləri iştirak ediblər.
Bakı Ağ Şəhər layihəsi “Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda keçirilən panel sessiyasında təqdim olunub.
Sessiyada giriş nitqi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edib. O, sessiya iştirakçılarına ölkədə şəhərsalma və şəhər inkişafı sahəsində həyata keçirilən layihələr, investisiya imkanları və dayanıqlı şəhər inkişafına yanaşmalar barədə məlumat verib. Nümunə kimi o, Bakı Ağ Şəhər şəhərsalma layihəsini qeyd edərək, onu ekoloji bərpa etalonu adlandırıb:
“Tarixən «Qara şəhər» kimi tanınan bu ərazi bir əsrdən artıq müddətdə sənaye fəaliyyəti və neft hasilatının təsiri altında olmuşdur. Ekoloji bərpa və kompleks yenidənqurma sayəsində ərazi yaşayış, kommersiya, mədəniyyət, istirahət və ictimai zonaları birləşdirən müasir çoxfunksiyalı şəhər kvartalına çevrilir”.
Eyni zamanda, Bakı Ağ Şəhər-in xüsusi layihələr üzrə meneceri Yelena Çernova məruzə ilə çıxış edərək sessiya iştirakçılarını layihə ilə tanış edib.
Ekoloji baxış "Baş Plana lap əvvəldən daxil edilib. Bu, iqlim şəraiti nəzərə alınmaqla şəhər planlaşdırılmasını, layihənin mövcud şəhər mühitinə inteqrasiyasını və nəqliyyat strategiyasına adaptasiyasını nəzərdə tutur ", - deyə o qeyd edib.
Çernova həmçinin bildirib ki, layihə çərçivəsində “yaşıl” binalar tikilir, bir sıra kommersiya binaları isə BREEAM standartlarına uyğun sertifikatlaşdırılıb. Onun sözlərinə görə, hazırda bu təşəbbüs yaşayış binalarına da şamil olunur.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun pavilyonunda iştirakçı və ziyarətçilərin böyük marağına səbəb olan Azərbaycan Neft Tarixi Muzeyi və kitabxana binasının maketi də təqdim edilmişdir.
Qalereya