Qarabağ atları hər zaman Azərbaycanın rəmzi olub, lakin 44 günlük müharibədən sonra onlar həm də qələbənin rəmzinə çevrilib. Qürurlu və zərif olan bu atlar sanki günəşdən və havadan toxunublar, indi isə Ağ Şəhərdə Qarabağ Atları meydanında bürünc təcəssümlərini tapıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyevanın və Arzu Əliyevanın iştirakı ilə bu abidənin açılışı şəhərin əlamətdar hadisəsinə çevrilib.
Vətən müharibəsindəki qələbəni əbədiləşdirən kompleks bir neçə il müddətində yaradılıb. 36 metr uzunluğunda qranit postament üzərində Qarabağ atlarının 4 metrlik heykəlləri qoyulub.
Bu çətin və zəhmət tələb edən işi dünya şöhrətli ABŞ heykəltəraşı Robert Sammers öz üzərinə götürüb. Onun ən məşhur əsərləri Dallas şəhərindəki "Mal-qara sürüsü" və Kaliforniya hava limanındakı "Con Veyn" heykəlləridir.
Robert Sammers: "Bütün həyatım boyu at heykəltəraşlığı və rəssamlığı ilə məşğulam. Onları Tanrının yaratdığı ən böyük varlıqlardan hesab edirəm, onların dözümlülüyünə, gözəlliyinə heyranam. İllər boyu əsasən mustanqların, şimali Texas və digər bölgələrdəki vəhşi atların, həmçinin Koloradoda yayılmış at cinslərinin əsərlərini yaratmışam. Bundan əlavə, son yüz ildə xüsusilə geniş yayılmış Amerikanın Kvorterxors at cinsi məni həmişə cəlb edib. Lakin məni ən çox Qarabağ atının quruluşu və nisbətləri heyrətə gətirdi. Onlar həqiqətən möhtəşəm heyvanlardır. Azərbaycandakı Ağ Şəhər üçün atların heykəl qrupunu yaratmaq mənim üçün şərəf və böyük sevinc idi”.
Abidənin yaradılmasında real Qarabağ atları olan Soltan, Ürək, Sereyin, Aypara, Şöhrət, Ötgəm və İldırım seçilmişdir, müəllif onların xüsusiyyətlərini abidədə əks etdirmişdir. Bu atlardan hər birinin öz tarixçəsi və xidmətləri var. Sereyin onunla məşhurdur ki, ispan əl işi farfor markası olan Lladro-nun məhdud seriyalı Qarabağ atı fiqurlarının modeli olmuşdur. Farfor at üzərində yəhərin altında qədim adətlərə uyğun olaraq Şuşa qrupuna aid olan Malıbəyli xalçası sərilmişdir.
Abidədə əks olunmuş digər bir Qarabağ atı Şöhrət isə uzun illər Böyük Britaniyada kral at şoularında çıxış etmişdir. Belə zəfər nümayişlərinin birindən sonra at kraliça II Yelizavetaya hədiyyə edilmiş və hazırda Bukingem sarayının kral at tövlələrində saxlanılır.
Heykəltəraş orijinal əsəri yaratdıqdan sonra, ABŞ-nin Texasda yerləşən ən böyük bədii töküm emalatxanası olan "Pyrology Foundry & Studio" tərəfindən həyata keçirilən bürünc tökmə mərhələsi başladı.
Hyustondan nəhəng bürünc atların daşınması və yığılması öz çətinlikləri ilə ayrıca bir hekayəyə çevrildi. Heykəllər kifayət qədər böyük olduğundan və təyyarəyə yerləşmədyindən, onlar açıq vəziyyətdə xüsusi konteynerlərə qoyuldu və East West Logistics lojistik şirkətinin dəstəyi ilə Silkway şirkəti tərəfindən üç mərhələdə Bakıya çatdırıldı.
Bu qədər böyük sənət əsərlərinin yığılması çoxlu vaxt və məkan tələb edir. Ağ Şəhərdə Qarabağ Atlarının yığılması üçün xüsusi olaraq hündürlüyü 8 metr, eni 11 metr və uzunluğu 18 metr olan boks tikildi.
Bu unikal kompozisiyanın yığılması üçün "Pyrology Foundry & Studio" emalatxanasının sahibi, eyni zamanda bürünc tökmə ustası olan Klint Hovard öz komandası ilə birlikdə Azərbaycana gəldi. Klint Hovard: "Biz müntəzəm olaraq irimiqyaslı sənət əsərləri yaradırıq. Bu layihə öz ölçüləri, eləcə də mürəkkəb logistikası səbəbindən bizim üçün unikal bir çağırış oldu. Əsəri sökmək, okeandan keçirdib gətirmək və sonra burada yenidən yığmaq lazım idi."
Bürünc Qarabağ atları səliqə ilə daşınaraq, diametri 70 metr olan dairəvi meydanda quraşdırıldı və meydan öz mərkəzi dominantına uyğun olaraq adlandırıldı. Qarabağ Atları meydanının ətrafında müasir fasadlı orta mərtəbəli binalar yerləşir.
Qarabağ atı sadəcə bir yarış atı deyil, Azərbaycan ruhunun təcəssümüdür. Azərbaycanın milli rəmzlərindən biri olan Qarabağ at cinsinin bərpası hər bir vətəndaşın borcudur. Bu at Azərbaycan folklorunun, rəssamlığının, heykəltəraşlığının, ədəbiyyatının və hətta poçt markalarının ayrılmaz hissəsinə çevrilib. Onun təsviri güc, şərəf və milli qürur rəmzidir.
Qalereya