Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də "Bakı Ağ şəhər ofisi binası"na gələrək, "Ağ şəhər" layihəsi ilə tanış olub.

"Ağ şəhər" layihəsinin direktoru Ruslan Sadıxov nümayəndə heyətinə layihə barədə ətraflı məlumat verərək, "Ağ şəhər" layihəsinin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaqdır. Burada inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. "Bakı Ağ şəhər"də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır.

Təqdim olunan digər investisiya layihələri nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Görüş zamanı "Ağ Şəhər" layihəsinə investisiya qoyulması perspektivləri müzakirə edilmiş, qonaqlar tərəfindən bu layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şərait yüksək qiymətləndirilmişdir.

Həmin gün Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osmanın rəhbərlik etdiyi nümayəndə heyətində təmsil olunan iş adamları Sumqayıt Texnologiyalar Parkında (STP) olmuşdur.

Qonaqlara Sumqayıt Texnologiyalar Parkında həyata keçirilən layihələr haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qısa müddətdə 250 hektarlıq ərazidə bütün Cənubi Qafqazda analoqu olmayan müasir texnopark yaradılmışdır. Burada 17 zavod artıq uğurla fəaliyyət göstərir. Qeyd edilmişdir ki, gələcəkdə burada ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaqdır.

Nümayəndə heyəti daha sonra STP-də zavodları gəzərək onların işi ilə yaxından tanış olmuş, istehsal prosesini maraqla izləmişlər. Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olmuşdur.

http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=1818%3Aag-sheher-11-12-2013&catid=8%3Anews&Itemid=263&lang=az

Qalereya