Prezident İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyətini qəbul edib. Görüş zamanı Prezident Fransa və Azərbaycan arasında olan münasibətlər və ikitərəfli əməkdaşlıq barədə danışaraq, bu çərçivədə Bakı Ağ Şəhər layihəsindəki Fransız məhəlləsi, eləcə də Fransız Liseyini də qeyd etmişdir:

"Humanitar və təhsil sahəsində yaxşı əməkdaşlığımız mövcuddur. Ümidvaram ki, Bakıda Fransız Liseyinə səfər etmək imkanınız olacaq. Bu lisey tərəfdaşlığımızın müsbət nümunəsidir. Biz, həmçinin birgə universitetin yaradılması üzərində çalışırıq. Ağ Şəhər çərçivəsində yaradılan fransız məhəlləsi də çox gözəldir. Bu, bir növ Parisin bir guşəsini xatırladır. Əgər səfər etmək imkanınız olarsa, bu, maraqlı məkandır. Xüsusən də nəzərə alsaq ki, həmin ərazi yüz il əvvəl orada tikilmiş neftayırma obyektlərinin olması ilə əlaqədar əvvəllər “qara şəhər” adlanırdı. Bütün ətraf yerlər isə çirklənmişdi. İndi həmin layihə “Ağ Şəhər” adlanır. Onun rəmzi adı var. Həmin layihənin böyük, hətta nəhəng hissəsində Paris məhəlləsinin salınması nəzərdə tutulur. Əlbəttə ki, humanitar sahə hər hansı biznes fəaliyyətini birbaşa yaratmır. Lakin o, dostluq əlaqələrinin, daha çox anlaşmanın və tərəfdaşlığın yaradılmasında çox mühüm rol oynayır."

Qalereya