“Son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı hotellər tikilib. Bu gün bütün müasir və ən qabaqcıl hotellərin brendləri Bakıda var... Yaxın gələcəkdə yeni Ağ Şəhər bulvarında “Bulvar” hoteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb" - Azərbaycan Prezidenti İlham Əliyev “İnturist” hotelinin açılışındakı çıxışında qeyd edib.

Dövlət başçısı bildirib ki, Ağ Şəhər bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək: “Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər.

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və mənim üçün ən gözəl şəhərdir. Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni, ictimai yer insanlar üçündür. Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Bu proses davam etdirilir. Bax, bu hotellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz “Ağ şəhər” bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da qoyulur. Bax, budur bugünkü ölkəmiz. Azərbaycana gələn hər bir qonaq bax, bunu qeyd edir”.

 

Qalereya