Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xəqani Rüstəmov küçəsi, onun üzərində yerləşən dairə və inşa olunmuş dörd çıxışlı yeraltı piyada keçidin açılışı, və Ağ Şəhərdə inşa və abadlığı başa çatmış məhəllələrlə tanışlıq üçün Ağ Şəhərə gəlmişdir.
Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu mükəmməl layihə reallığa çevrilir, miqyası və keyfiyyətinə görə diqqəti cəlb edir. “Bakı Ağ Şəhər”də böyük həcmdə tikinti-quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb. Bu işlər ölkədə yerli və xarici sərmayəçilərə yaradılmış şəraitin iqtisadiyyatımızın hər sahəsində olduğu kimi tikinti sahəsində də əksidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına ərazidə görülən işlər barədə məlumat verdilər.
Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirən, Ağ Şəhər bulvarına qədər uzanan və uzunluğu 1050 metr və eni 45 metr olmaqla 6 zolaqlı Xəqani Rüstəmov küçəsinin yenidənqurması tamamlanıb. Bu küçədə avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Xəqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində 66 metr diametrində yeni dairə inşa edilib, dairədə ağaclar əkilib. Bu dairə Ağ Şəhərə layihənin qərb hissəsindən girişi təcəssüm edir. Dairə tam fərqli bir dizaynda tikilib və xüsusi yaşıllıq, həmçinin dekorativ daşlarla bəzədilib.
Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin kəsişməsində həmçinin qalereyasının uzunluğu 220 metr olan yeraltı piyada keçidində tikinti işləri tamamlanıb, burada 8 ədəd eskalator quraşdırılıb, işıqlandırma sistemi və nəzarət kameraları təmin edilib. Müasir üslubda dizayn olunmuş piyada keçidində vətəndaşların rahatlığı üçün yol istiqamətləri qeyd edilib, divarlar Ağ Şəhərin perspektiv görüntülərini əks etdirən vitrinlərlə bəzədilib.
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağ Şəhərin tikintisi və abadlığı başa çatmış Babək Qərb kvartalında, Ağ Şəhərin mərkəzi küçəsi olan Mərkəzi Bulvar və Süleyman Vəzirov küçələrinin kəsişməsində yeni salınmış park ilə tanış oldular. 6800 kvadrat metr sahəsi olan park üçün xüsusi işlənilmiş landşaft dizaynına uyğun olaraq müxtəlif ağaclar əkilib, uşaqların əyləncəsi üçün oyun meydançası salınıb. Burada 2017-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş "Daşın nəğməsi" ikinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunmuş çinli heykəltəraş Liu Yangın əsəri olan “Xəzər dənizi” heykəli qoyulmuşdur. Sakinlərin rahat kommunikasiyasını təmin etmək üçün parkda ictimai wi-fi və telefon budkası qurulub. Burada Qara şəhərin tarixi barədə məlumat lövhəsi, müasir üslublu saat quraşdırılıb. Yerdəki tuncdan hazırlanmış xatirə medalyonda Babək kvartalı ilə bağlı rəqəmləri yerləşmişdir. Parka çıxan yaşayış binasının fasadındakı mozaika işləmələri bu məhəllənin özünəməxsus memarlıq üslubunu əks etdirir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ağ Şəhər ərazisindəki tikintisi və abadlığı başa çatmış məhəllələrlə tanış olmaq üçün avtobusla gəzintiyə çıxdılar.
Prezident İlham Əliyevə Babək Qərb kvartalının Paris evlərində aparılmış abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri barədə məlumat verildi. Burada sakinlərin rahatlığı və dolğun istirahətləri üçün hərtərəfli şərait var. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü və yeraltı avtodayanacaq mövcuddur. Binaların girişləri xüsusi döşəmə daşları, bir qaydada qəbul edilmiş yaşayış komplekslərinin adlarını əks etdirən divar lövhələri və yaşıllaşdırma ilə fərqlənir. Məhəllələrin təhlükəsizliyi də sutka ərzində diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV əlaqədar qurumlar tərəfindən Ağ Şəhər baş planına uyğun şəkildə və yüksək keyfiyyətlə çəkilmişdir.
Tikinti və yenidənqurma işləri çərçivəsində Süleyman Vəzirov və Mərkəzi bulvar küçələrində, 1-ci Fəvvarələr küçəsində, həmçinin 7 kəsişən kiçik küçələrdə də yolun təmiri və asfaltlanması başa çatıb. Ümumi uzunluğu 3.5 km olan küçələrdə yağış suları ötürücüləri, işıqlandırma dirəyi, yol nişanları, oturacaqlar, tullantılar üçün qablar quraşdırılmış, və 2000-dən çox ağaclar əkilmişdir. Tikinti ərazisinə düşən köhnə ağaclar yeni yerlərə köçürülərək onlara yeni həyat verilmişdir. Küçələrin adları binaların üzərindəki lövhələrlə bərabər səkilərdə də daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yol göstəriciləri quraşdırılıb. Şəhərsalma prinsiplərinə uyğun olaraq piyadanın üstünlüyünü qeyd edən yüksəldilmiş piyada keçidləri ilk dəfə inşa olunub, enişli-yoxuşlu ramplar qoyulub, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub.
Fəvvarələr küçəsi 1-də də tikinti işləri yekunlaşmışdır. Fəvvarələr Meydanının yeni müasir üslubda inşa olunmuş ilk binasının fasad işləri də tamamlanmışdır. Paris məhəllələrindən fərqli olaraq buradakı yaşayış binalarının müasir memarlıq üslubu Ağ Şəhərin memarlıq üslublarının ranga-rəngliyini təmin edəcəkdir. Mərkəzi Bulvar və Fəvvarələr küçəsinin kəsişməsində bağ salınmış, küçə saatı quraşdırılmışdır. Burada quraşdırılmış heykəllər və yaşı yüzillərlə ölçülən dekorativ zeytun ağacları bu küçəyə gözəllik verir. Gələcəkdə buranın canlı piyada kəsişməsinə çevrilməsi nəzərdə tutulur. Eni 32 m, uzunluğu 1 km-ə qədər olan Fəvvarələr küçəsi Ağ Şəhərin mərkəzindən Nobel prospektinə qədər və oradan da Sahilyanı kvartala qədər uzanacaqdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2016-cı ildə sakinlərə təhvil verilmiş məhəllələri də gəzmişlər.
Daha sonra Prezident İlham Əliyevə Bakı Ağ Şəhər layihəsi çərçivəsində 2017-ci il ərazində yerinə yetirilmiş və növbəti 2018-ci il üçün nəzərdə tutulmuş işlər barədə məlumat verildi. Bildirildi ki, cənab Prezidentin müvafiq sərəncamlarına əsasən aidiyyatlı qurumlar tərəfindən infrastruktur və yol işlərinin salınması davam etdiriləcəkdir. Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə qədər inşasının tamamlanması, Süleyman Vəzirov küçəsinin Babək prospektinə qədər yenidənqurulması, Babək prospektindən Ağ Şəhərin mərkəzinə qədər uzanan 37 metr eni olan yolların və yeraltı kommunikasiyaların inşası nəzərdə tutulub.
Təməli ötən il qoyulmuş Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksində tikinti işləri davam etdirilir. 7-mərtəbəli müasir üslublu yaşayış binalarının əhatə etdiyi parkda 3 qrupdan ibarət fəvvarələr, eksklüziv uşaq meydançası, xüsusi landşaft dizaynı və 760 yerlik avtodayanacaq layihələndirilib. Bu kompleksin sahəsi 1 ha-dan çox olan Fəvvarələr Meydanı parkı gələn il təhvil verilməsi planlaşdırılıb.
Şəhərin ən iri parklarından biri olan Nizami Parkının yaxınlığında yerləşən Knightsbridge (Naytsbric) kompleksində yaşayış binaları, biznes mərkəzi və məktəb layihələndirilib. Hazırda bu kompleksdə inşaat işləri davam etdirilir və artıq kompleksin ilk binasının tikintisi başa çatmaq üzrədir. Binanın fərqli memarlıq tərzi və landşaft dizaynı artıq Nobel prospektinə xüsusi yaraşıq verir. Burada və digər məhəllələrdə nəzərdə tutulmuş orta məktəb layihələri və onlar üçün ayrılmış ərazilər barədə də məlumat verildi.
Nobel prospekti boyunca tikiləcək və layihənin işgüzar kvartalı kimi nəzərdə tutulan fərqli memarlıq üslubuna malik binalar dünya səviyyəli tanınmış UN Studio memarlıq bürosu tərəfindən işlənilib. Binaların mərkəzində yerləşəcək Zaman Meydanı, Knightsbridge kompleksi və Nizami parkına tərəf çıxan metro çıxışları bu mərkəzi şəhərin digər rayonları ilə nəqliyyat bağlantısını təmin edəcək. Burada inşa ediləcək metronun çıxışları eyni zamanda Nobel prospektinin şimal və cənub hissələrini birləşdirən piyada keçidini təmin edəcəkdir.
Prospektin üzərindən salınacaq yüksək səviyyəli piyada körpüsü isə Ağ Şəhərin şimal və cənubunu birləşdirəcək və prospektin yeni nişanına çevriləcək. Uzunluğu 237 metr olan körpü cənubda Sahilyanı kvartalda yerləşəcək ticarət mərkəzinə və şimalda Fəvvarələr Meydanından keçərək Babək prospektinə qədər uzanacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və körpü vasitəsilə Ağ Şəhər bulvarına qədər avtomobillərdən azad 2 kilometrlik piyada gəzinti xiyabanından istifadə edəcəklər.
Nobel prospekti boyunca eni 20 metrədək olan piyada və yaşıllıq zonası piyadaların avtomobil yollarından üstünlüyünü əlavə olaraq təmin edəcəkdir.
Ağ Şəhərin baş planına uyğun olaraq layihənin inkişaf etdikcə qərb və şərqində mövcud yol-kommunikasiya infrastrukturuna inteqrasiya layihəsi barədə də məlumat verildi.
Ağ Şəhərin Bakının yol-nəqliyyat şəbəkəsinə inteqrasiyası, layihənin qərbində yerləşən mövcud yaşayış massivləri və yol şəbəkəsi ilə uzlaşması, eləcə də müvafiq yolların Şərq istiqamətində davam etdirilməsi və Bakı şəhərinin əsas nəqliyyat arteriyalarından sayılan Nobel, Babək və Heydər Əliyev prospektlərini, və gələcəkdə yeni Bulvar yolunu birləşdirən 65 metr enində əlaqələndirici prospektin salınması bu ərazilərin dayanıqlı inkişafını təmin edəcək.
Qalereya









