Bakı, 18 noyabr, AzərTAc


Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri,  iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 18-də “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olub.

AzərTAc xəbər verir ki, Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin də iştirak etdiyi tanışlıq zamanı xarici qonaqlara layihə ilə bağlı ətraflı məlumat verilib.Bildirilib ki, burada şəhərsalma işləri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir. Keçmişdə “Qara şəhər” kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq beynəlxalq səviyyədə ən müasir və böyük yaşayış mərkəzi yaradılır, inzibati və kommersiya obyektləri, istirahət və turizm mərkəzləri tikilir, dənizkənarı bulvarın davamı salınır.

Sonra Bakı Ağ Şəhər layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Bakı Ağ Şəhər layihəsi nümayəndə heyətində böyük maraq doğurdu.


http://azertag.az/xeber/811380

Qalereya