BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Azərbaycan Respublikası üçün 2010-2020-ci illəri əhatə edəcək 3-cü dövr “Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatı hazırlanır. Hesabat ölkənin ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaqla milli siyasətin formalaşdırılması və beynəlxalq ekoloji öhdəliklərini yerinə yetirməsində əldə etdiyi tərəqqinin qiymətləndirməsi məqsədini daşıyır.

Hesabatın hazırlanması ilə bağlı BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən müəyyən edilən beynəlxalq ekspertlərdən ibarət komandası ölkəmizdə səfərdə olublar. Səfər çərçivəsində Ətraf Mühit və İqlim Dəyişikliyi üzrə Beynəlxalq məsləhətçi, Məsul memar və Şəhərsalma meneceri xanım Alessandra Fidanza və Memar xanım Stefania Petralla Bakı Ağ Şəhər layihəsini ziyarət etdilər.

Ekspertlərə Ağ Şəhər layihəsinin inkişaf prosesində böyük şəhərlərin nəqliyyat, infrastruktur, tikinti göstəricilərinin təhlili barədə məlumat verildi. Qonaqlar ərazinin tarixi olan Qara şəhərin neft tullantıları ilə çirklənmiş sahələrini, nizamsız tikililəri əks etdirən görüntülərlə tanış oldular, Ağ Şəhər ərazisində salınacaq velosiped və piyada zolaqları, məktəblər, xəstəxanalar və digər sosial obyektlərin tikintisi ilə maraqlandılar. Qeyd edildi ki, Bakı Ağ Şəhər layihəsi müasir şəhərsalma prinsiplərinə əsasən salınan ən böyük ekoloji layihələrdəndir. Heyət Ağ Şəhəri gəzintiyə çıxaraq həyata keçirilən işlərlə əyani şəkildə tanış oldu.

Qalereya