12–13 aprel tarixində Bakıda «Üfüqünü qur və yarat» şuarı altında Azərbaycan-İordaniya tikinti biznes-forumu keçirilmişdir. Burada sərmayədarların nəzərinə Bakı Ağ Şəhər layihəsi təqdim olunmuşdur. Layihənin Bakı biznes mərkəzində keçirilmiş təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
AZPROMO və İordaniya Sahibkarlığın inkişafı təşkilatı ilə birgə təşkil olunan forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, İordaniyanın sənaye və ticarət naziri Xani El-Mulkidir, həmçinin bu ölkənin 16 tikinti, memarlıq və mühəndislik şirkətləri iştirak etmişlər. Azərbaycan tərəfi 20-dən artıq şirkət ilə təmsil olunmuşdur.
13 aprel tarixində Bakı Ağ Şəhər layihəsinin nümayəndələri AZPROMO tərəfindən təşkil olunmuş digər biznes-forumda da iştirak etmişlər. Qara dəniz Ticarət və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bakı səfəri çərçivəsində, Bakı Ağ Şəhər layihəsi ilə tanışlıq olmuşdur. Tədbirdə Azərbaycanda gerçəkləşən bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi imkanları da müzakirə olunmuşdur.
Bakı Ağ Şəhər layihəsi «Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı»ın təsdiq olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az. saytından əldə etmək olar.
Qalereya
