Bakıda səfərdə olan BƏƏ-nin nümayəndə heyəti, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağ Şəhərə səfər ediblər.

Qonaqlara layihənin tarixi, ərazinin Qara şəhərin ekoloji fəlakətindən Ağ Şəhərin dayanıqlı mühitinə çevrilməsinin genişmiqyaslı prosesi, aparılan infrastruktur işləri, o cümlədən tikilmiş binalar barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən yerli mütəxəssislərlə birgə yaradılmış layihə Cityscape Global Dubai, MIPIM Asia Hong Kong, MIPIM Cannes kimi və digər çoxsaylı beynəlxalq sərgilərdə müxtəlif mükafatlara layiq görülmüşdür.

Ağ Şəhərlə tanışlıqdan sonra qonaqlar COP29-un baş qərargahının yerləşdiyi “Bakı Ağ Şəhər Ofis Binası 2020” biznes mərkəzinə gediblər. Hələ bu biznes mərkəzinin layihələndirilməsinin ilkin mərhələsində “yaşıl” binaya olan tələblər nəzərə alınıb və bina BREEAM beynəlxalq ekoloji standartına uyğun sertifikatlaşdırılıb.

Ağ Şəhərlə tanış olan qonaqlar görülən işlərdən razı qaldıqlarını bildirmiş, inşa edilmiş binaların, landşaft işlərinin, nümayiş etdirilən sənət nümunələrinin memarlıq rəngarəngliyini, eləcə də material seçimini, onların icra keyfiyyətini və yüksək səviyyədə saxlanıldığını qeyd etmişlər.

“Ağ Şəhər” layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir.