Bakı Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan Bakı Fransız Liseyinin binasının tikintisində işlərin əsas hissəsi başa çatdırılıb.
Liseyin binası Nobel prospekti ilə yeni tikilən Xəqani Rüstəmov küçəsinin kəsişməsində yerləşir. Orada dörd tərəfə çıxışı olan piyada keçidinin tikilməsi planlaşdırılır.
Məktəbin cənub hissəsində Bakı 2015 Avropa Oyunları üçün nəzərdə tutulan Bakı Ağ Şəhər otelinin, şimal tərəfində isə müxtəlif mükafatlara layiq görülmüş qeyri-adi memarlıq üslubu ilə seçilən Bakı Ağ Şəhər ofis binasının tikinti gedir. Həmçinin ərazidə Paris üslubunda Yaşıl Ada rayonu salınır.
Qeyd edək ki, 320 şagird yeri olan lisey binası konstruktivizm üslubunda layihələndirilib. Binanın ümumi sahəsi 7 min 960 kvadratmetrdir. Liseydə tədris otaqları, fənn kabinetləri, laboratoriya ilə yanaşı, inzibati və kütləvi tədbirlər üçün otaqlar, bədii dərnəklər, idman və akt zalları, həmçinin uşaq bağçası fəaliyyət göstərəcək.
Tikintisinin bu ilin sentyabrınadək yekunlaşdırılması planlaşdırılan binanın təməli 2011-ci ilin oktyabrında Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə qoyulub. Liseyin yaradılmasına Heydər Əliyev Fondu da yaxından kömək edib.
Liseydə ölkəmizdə müvəqqəti və daimi yaşayan fransız dilli əcnəbi və Azərbaycan vətəndaşları təhsil alacaqlar. Uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil proqramına klassik fransız tədris planının da daxil edilməsi nəzərdə tutulur. Liseyin verdiyi attestat Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi tərəfindən tanınacaq. Bununla da məzunlar təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.
Qalereya


