Ötən həftə  Dubay şəhərində keçirilən Cityscape Global 2010 IX-cu  daşınmaz əmlak və investisiyalar üzrə Beynəlxalq sərginin açılışı olmuşdur. İlk dəfə olaraq bu sərgiyə qatılan Azərbaycan,  Bakı Ağ Şəhər   layihəsini mütəxəssislərin diqqətinə təqdim etmişdir.Bu layihədə çox maraqlı memarlıq və investisiya perspektivlərindən əlavə, torpağın ekoloji bərpası,həmçinin,cəlbedici şəhər mühiti və infrastrukturu ideyaları da öz əksini tapmışdır.

Daşınmaz əmlak sahəsində çalışan beynəlxalq investorları, memarları, məsləhətçiləri, inşaatçıları, dövlət strukturlarının aparıcı mütəxəssislərini və nümayəndələrini birləşdirən ən görkəmli sərgi platformasının iştirakçıları Bakı Ağ Şəhər  layihəsinin məqsəd və vəzifələri, həmçinin, Azərbaycanın geniş investisiya imkanları və ölkə iqtisadiyyatının uğurlu inkişafı haqqında məlumat əldə etmişlər.

Bakı Ağ Şəhər  layihəsinin nümayəndələri, eyni zamanda, beynəlxalq investisiya forumunda da iştirak etmişlər. Forumun proqramına ABŞ, Çin, BƏƏ, Yaxın Şərq və digər ölkələrin investorlarının çıxışları daxil edilmişdi.

Bakı Ağ Şəhər  layihəsinin  Cityscape Global 2010 sərgisində iştirakı mütəxəssislərin və investorların böyük marağına səbəb olmuşdur. Sərmayələr, texnologiyalar və ekspertləri bir araya yığan, məşhur görüş yeri kimi tanınan Cityscape Global 2010 sərgisində Bakı Ağ Şəhər  layihəsinin  gələcək inkişafı üçün çox gözəl imkanlar yaranmışdır.

“Mütəxəssislər Bakı Ağ Şəhər   kimi cəlbedici layihənin potensialını yüksək qiymətləndirmişlər. Bu layihə sərgidə iştirak edən tərəfdaşların və investorların həqiqi marağına səbəb oldu.” – deyə Cityscape Global 2010 sərgisinin təşkilatçısı Vouter Molman bildirmişdir. “Azərbaycanın sərgidə bu qəbildən layihə ilə iştirakı ölkənizdə baş verən geniş əhatəli dəyşiklikləri əks etdirməklə yanaşı respublikanızın və paytaxtınızın beynəlxalq investisiya mühitində layiqincə təmsil olunması üçün növbəti fürsətdir” – deyə o əlavə etmişdir.

Cityscape Global 2010 sərgisində şəhərsalma, memarlıq planlaşdırması, qabaqcıl İT-həlləri, memari işıqlandırma, məkanın planlaşdırılması, landşaft memarlığı, yeni planlaşdırma üslubları və sair bölmələr təqdim edilmişdi. Cari ildə Cityscape Global 2010 sərgisində Yaxın Şərq, Avropa Birliyi, Asiya, Amerika kontinenti, Afrika və Avstraliyadan üç yüzə yaxın şirkət iştirak etmişdir.

İdeyanın möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər   layihəsini dünyanın qabaqcıl şəhərsalma layihələr səviyyəsinə cixarir.

Qalereya