24 dekabr 2011-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dünyanın ən iri və ən möhtəşəm şəhərsalma layihələrindən biri olan Bakı Ağ Şəhərin təməlinin qoyulduğu gündən 3 il keçir.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”-na əsasən həyata keçirilir. Paytaxtın şərqində 100 ildən çox “Qara şəhər” kimi tanınan, neft emalı, saxlanması və daşınmasında böyük rol oynamış ərazidə, bu gün dünyanın ən böyük yenidənqurma layihələrindən biri olan Bakı Ağ Şəhər yaradılır. Layihənin əsas məqsədi neft-bumunun nəticəsi olan çirklənmiş torpaqların təmizlənməsi, ərazidə yeni beynəlxalq standartlara uyğun sosial infrastrukturun yaradılması, paytaxtın sakinləri və qonaqları üçün yeni yaşayış, iş, əyləncə və istirahət məkanının yaradılmasıdır.

hazırda Ağ Şəhər-in 10 rayonundan 6-ı tamamilə təmizlənərək inşa edilir. Layihənin icra müddətində Ağ Şəhər-in neft məhsulları ilə çirklənmiş böyük ərazisi təmizlənmiş və şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilmişdir. Hazırda bu işlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir.

Yaşayış rayonu kimi tanınan Yaşıl Ada rayonu 7-mərtəbəli Paris üslublu binalardan ibarətdir. Bu yaşayış komplekslərinin bəzilərində tikinti artıq son mərhələdədir və yaxın zamanlarda onlar ilk sakinlərini qəbul etməyə hazır olacaq.

Ümumi sahəsi 24 hektar olan Park rayonunda da tikintiyə start verilib. Burada 20-mərtəbəli hündür yaşayış binaları tikilir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. Binaların üstünlükləri sırasına şəhərin ən iri parklarından olan Nizami parkı ilə qonşuluq da daxildir.

Sahilyanı rayonda 25 may 2013-cü il tarixində Prezident İlham Əliyev tərəfindən bünövrəsi qoyulan, uzunluğu 5 km olan Ağ Şəhər Bulvarının tikintisi yüksək templə davam edir. Həmçinin dəniz kənarında Bakı Ağ Şəhər Otelinin inşası başa çatır. Bu otel, 818 otaq və ümumi 52 000 m2 sahədən ibarət olacaq. Bakı Ağ Şəhər Oteli 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının qonaqlarını qəbul etməyə hazır olacaq. Həmçinin bu rayonda son zamanlar sakinlərin sevimli istirahət və əyləncə məkanlarına çevrilmiş molların ən irisinin – 90 000 kv metrlik Ağ Şəhər Mall-un inşasına başlanılıb. Bu moll Fəvvarələr meydanından Nobel prospekti üzərindən uzanan möhtəşəm piyada körpüsü vasitəsilə sakinləri Sahilyanı rayona çatdıracaq.

Ağ Şəhər-in mərkəzi rayonu sayılan Fəvvarələr meydanında 7-mərtəbəli müasir üslublu yaşayış binalarının tikintisi başlanıb. Binalarnan yanaşı bu rayonda 800 yerlik ictimai avtoparkinq nəzərdə tutulub. Fəvvarələr meydanı mərkəzindəki 1 hektar ərazisi olan parkı ilə sakinlərin sevimli məkanına çevriləcəkdir.

Layihənin şimalında yerləşən yaşayış rayonu kimi nəzərdə tutulmuş Babək rayonunda müasir, eləcə də klassik üslublu 7-mərtəbəli yaşayış komplekslərinin tikintisi başlanıb. Ərazini qərb və şərq hissəsinə ayıran, Mərkəzi prospektin ortasında yerləşən meydan, bu rayonun qəlbi olacaqdır.

Böyük uğurla nəticələnmiş Bakı Ağ Şəhər-in ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli Bakı Ağ Şəhər Ofis Binası artıq istifadəyə hazırdır. Hələ layihələndirildiyi dövrdə bu möhtəşəm bina beynəlxalq memarlıq aləmində geniş tanınmış, və “Asia-Pacific Property Awards - 2011”, “Azeri Business Awards - 2011”, “İlin Şirkəti - 2014” mükafatları ilə təltif edilmişdir. Əhatədəki tarixi binalar və Paris üslublu evlərdən fərqlənən Bakı Ağ Şəhər Ofis Binasının cazibədar, estetik xətləri müasir memarlığın mükəmməl nümunələrindəndir. Bütün müasir beynəlxalq standartlara cavab verən yeni Ofis Binası Britaniyanın məşhur “ATKINS” şirkəti tərəfindən layihələndirilmiş, yerli və beynəlxalq mütəxəssislər qrupu tərəfindən inşa edilmişdir. Tikinti dövründə Ofis Binası BREEAM beynəlxalq ekoloji sertifikata da layiq görülmüşdür. Belə ki, Bakı Ağ Şəhər Ofis Binası Azərbaycanda və regionda BREEAM sertifikatlaşdırmasını keçmiş ilk və yeganə bina oldu. Bu da ölkənin beynəlxalq ekoloji standartlara cavab vermək istəyini əks etdirir.

2014-2015-ci tədris ili üçün Ağ Şəhər-in ərazisində yerləşən ilk təhsil ocağı – Bakı Fransız Liseyi fəaliyyətə başlayıb. Sentyabr ayında baş tutan açılışda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. 320 şagird yerlik lisey müasir memarlıq quruluşu ilə diqqət çəkir. Sahəsi 14 min kvadratmetr olan liseydə təlim-tədris üçün hər cür şərait yaradılıb. Fransız Liseyinin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” Sazişə əsasən qoyulub. Liseydə tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində Fransız dilində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulacaq.

Layihənin yol və kommunikasiyalar (su, qaz, elektrik və rabitə) infrastrukturu da inşa olunmaqdadır. Hazırda bu işlər artıq ərazinin xeyli hissəsini əhatə edir. İnşası gedən eni 45 metr olan Xaqani Rüstəmov küçəsi isə Neftçilər prospektini Nobel və Babək prospektləri ilə birləşdirəcək. Bu yolun üzərində Ağ Şəhər-in 6 Strateji inkişaf planına uyğun olaraq Nobel, Babək və Neftçilər prospektlərini birləşdirəcək Xaqani Rüstəmov küçəsinin inşası davam etməkdədir. Ağ Şəhər ərazisindən keçəcək metropolitenin yaşıl xəttinin tikintisinə başlanıb. Bu metro xətti Xətai və Həzi Aslanov metrostansiyalarını birləşdirərəcək. Həmçinin Ağ Şəhər metrostansiyası Nobel prospektindən piyadaların təhlükəsiz və rahat yeraltı hərəkətini təmin edəcəkdir. Eyni zamanda layihədə nəzərdə tutulmuş 6 yeni yeraltı piyada keçidindən 3-ün inşası həyata keçirilir.

Bakı Ağ Şəhər layihəsi çərçivəsində həyata keçirilən irimiqyaslı işlər müxtəlif beynəlxalq və yerli mükafatlara, o cümlədən “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, “Cityscape Global” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafatlara layiq görülüb.

Dünyanın ən qədim neft sənayesi mərkəzi olan Bakı qısa zaman ərzində ən böyük şəhərlərdən birinə çevrilib və təkrarolunmaz görkəm alıb. Azərbaycanın iqtisadi inkişafı fonunda paytaxt gün-gündən yaşamaq və işləmək üçün arzuolunan şəhərə çevrilməkdədir. Bu layihənin həyata keçirilməsi ilə Qara şəhərin sənaye görkəmi keçmişə gedir, yerini paytaxtın yeni mərkəzinə çevriləcək Bakı Ağ Şəhərin komfort və harmoniyasına verir. 

Qalereya