İyulun 27-də Ağ Şəhərdə yerləşən “White Gallery” rəsm qalereyasında Azərbaycan Memarlıq İttifaqının nəzdində fəaliyyət göstərən Gənc Memarlar və Tələbələr Klubunun ənənəvi “İlin tələbəsi” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, bu gün hər il keçirilən gənc memar və tələbələrin müsabiqəsinin yekunudur. E.Qasımzadə gənc memarların əsərlərinin keyfiyyətinin ildən -ilə yüksəldiyini, builki müsabiqənin də istisna olmadığını vurğulayıb.

Gənc Memarlar və Tələbələr Klubunun prezidenti Şeyda Novruzzadə müsabiqənin qaliblərini elan edib. Belə ki, 1-ci yerə Nicat Nusalov və Sona Məmmədzadənin əsərləri layiq görülüb. Müsabiqədə 2-ci yeri Nailə Səfərli, 3-cü yeri isə Kamran Sultanlı tutub.

Müsabiqədə fərqlənən işlər “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin, Təhsil Nazirliyinin, Dövlət Şəhərsalma Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Ağ Şəhər layihəsinin fəxri diplomlarına və müxtəlif mükafatlara layiq görülüblər.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi yeni ideyaların və istedadların müəyyən edilməsi, eləcə də memarlığa müasir yanaşma, memarlıq mühitində novator ideyaların formalaşmasıdır.

Müsabiqəyə ümumilikdə 40 iş təqdim olunub.

Qalereya