Bakı, 3 avqust, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Kontakt” mağazasının, “Araz” supermarketlər şəbəkəsinin, “Libraff” kitab mağazaları şəbəkəsinin, “Təkan” İctimai Birliyinin dəstəyi ilə Ağ Şəhər “Biznes Mərkəzi 2020”nin qarşısında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi həcmi 4803 litr olan plastik, 475 litr olan şüşə və 393 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Festival çərçivəsində uşaqlara tullantıların idarə olunması sahəsində master-klas təşkil olunub, ekoçantalar və kətan üzərində tullantılarla bağlı rəsmlər çəkilib. “Təmiz şəhər” ASC-nin “Tullantıdan sənətə” eksponatları nümayiş etdirilib, həmçinin uşaqlar tullantılardan əşyalar hazırlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin məqsədinin tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq olduğunu deyib:
“Festival vətəndaşların marağına səbəb oldu. Onlar evdə çeşidlədikləri plastik, şüşə tullantıları, təhlükəli tullantılar sayılan batareyaları təhvil verib əvəzində müxtəlif hədiyyələr qazandılar.
Tullantıların düzgün idarə edilməməsi bu gün ən böyük qlobal ekoloji problemlərdən biridir. Məhz həmin istiqamətdə çağırışlar olunur, vətəndaşların dəstəyinə ehtiyac duyulur. Bu cür aksiyalarla həm vətəndaşlar arasında maarifləndirmə işləri aparılır. Yəni, çeşidlənmə vərdişlərinin yaranması, təkrar emalın təşviq olunması tullantıların düzgün idarə olunması məqsədilə təşkil edilir. Bu cür aksiyalarda toplanan plastik və şüşə tullantılar təkrar emala yönləndirilir, batareyalar utilizasiya olunması üçün “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilir”.