Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi Ağ Şəhərdə keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Liderin həyat və fəaliyyəti, eləcə də gömrük orqanlarına tövsiyələrini əks etdirən videoçarxların nümayişindən sonra xidmətə yeni qəbul edilən 106 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mərasimdə çıxış edərək bildirib ki, gömrük əməkdaşlarının andiçmə mərasimi ənənəvi olaraq əlamətdar bir gündə, Dahi Rəhbərin doğum günündə keçirilir. Qeyd olunub ki, gömrük orqanları ölkəmizin davamlı iqtisadi inkişaf strategiyasının əsasını qoyan Ulu Öndərin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi nəticəsində yenidən qurularaq formalaşdırılıb.

Bildirilib ki, Ümummilli Liderin ideyalarının sadiq davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan sürətlə inkişaf edir və gömrük orqanları da daim ölkəmizin tərəqqisinə öz töhfəsini verəcək.

Daha sonra digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim yaşadılacağını bildiriblər.

Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçrəngli bayrağımızla bağlı xüsusi kompozisiya nümayiş etdiriblər. 
 

Qalereya